BNA əgər işini bacarmırsa... - ya bu problemləri həll etməli, ya da geri çəkilməlidir!

BNA əgər işini bacarmırsa... - ya bu problemləri həll etməli, ya da geri çəkilməlidir!
Oktyabr ayının 19-da Bakı metrosu növbəti dəfə pandemiya səbəbi ilə bağlanandan sonra yollarda tıxac, avtobuslarda sıxlıq geri qayıtdı. Ələlxüsus da səhər və axşam saatlarında sıxlıq əlindən tərpənmək olmur. Tərpənmək olmur demişkən, keçən günlərdə mindiyim avtobusda elə bir sıxlıq var idi ki, ünvanıma çatanda düşmək üçün yerimdən qalxdım, amma ayağımı qoyub qapıya tərəf irəliləməyə yer tapmadım. Bir neçə saniyə kiminsə ayağını tapdamamaq üçün duruxub, alaqaranlıq avtobusda ayağımı qoymağa yer axtarmışam. Sağ olsunlar, sərnişinlər belə vəziyyətlərdə bir-birini başa düşür, dərhal daha da sıxlaşır, bir-birinə qısılıb düşmək istəyənə imkan yaradırlar.

Bəli, “tək ayaq üstə gedib-gəlirik” deyənlər bu fikri heç mübaliğəsiz işlədirlər. Bunun əyani şahidi olmaq üçün bu günlərdə səhər və axşam saatlarında ictimai nəqliyyatı 20-30 dəqiqə müşahidə etmək bəs edir. Bu yerdə adam, uzaq yolu olanları, xəstələri, yaşlıları, uşaqları düşünəndə lap ürək ağrısı keçirir. Hər kəsin də taksiyə minmək imkanı yoxdur axı.

Elə taksi demişkən, taksilər də həmin saatlarda tələbat yüksəldiyinə görə, qiyməti qaldırırlar. Həmişə getdiyin yolu, naəlac qalıb baha qiymətə getməyə razı olsan da, bəzən boş taksi tapmağın özü də müşkül işə çevrilir. Beləcə getdiyin ünvana gecikir, yolda dəfələrlə artıq vaxt itirir, koronavirusun (COVID-19) tüğyan etdiyi bu günlərdə həm də virusla burun-buruna qalır, səhhətini də təhlükəyə atmış olursan. Bir sözlə, şəxsi maşının yoxdursa, üstəlik yolun da uzaqdırsa, mənzil başına çatana qədər psixoloji, fiziki yorulur, yüklənirsən. Belə vəziyyətdə isə məhsuldarlığın aşağı düşür, nə işində, nə evində, nə də şəxsi həyatında nəsə yolunda gedir.

Kiçik bir epizod

Bir nəfəri bir manatdan “20 Yanvar”dan “Neftçilər”ə aparan avtobus sürücüsü, yolda bir neçə nəfər sərnişini də ayaqüstə götürür. Onlar arasında minənlərdən biri – gözlərindən yuxu tökülən gənc oğlan “birbaşa gedəcəm” deyərək yola çıxan, yolda isə sözünü unudan sürücüyə qıcıqlanan sərnişinlərə “bayaqdan nə taksi var, nə də avtobus, biz də evə getmək istəyirik axı” deyir. Bu dəmdə yerdən səslər ucalır. Qadınlardan biri “Axı elə deyil, biz bir manatdan pul verib buna minmişik ki, sıxlıq olmasın”, - deyə narazılığını bildirir. Kişilərdən biri isə sərnişinlər arasından hamını sakit olmağa səsləyir: “Siz də düşəndə 30 qəpikdən verib düşərsiniz, di yaxşı, sakitləşin”.

Yuxulu gənc “Camaat cəbhədə başından vurulub ölür, siz burada koronvirusdan qorxursunuz” demişdi ki, yaşlı qadınlardan biri onun sözünü kəsir: “Ay bala, bunu biz də bilirik. İndi ki, bu mərət virus var, gərək, özümüzü qoruyaq da. Bu avtobuslara bir əncam çəksəydilər, bizim də canımız rahatlıq tapardı. Balalarımız cəbhədə, biz də bu yollarda batdıq, qırıldıq taa”.

Gənc xanımlardan biri maskasını bir az da yuxarı çəkərək, xanımın fikrinə dəstək olur. Növbəti dəfə avtobusu dayanacaqda saxlayıb sərnişin götürən sürücüyə arxa oturacaqlarda əyləşən sərnişinlərin etiraz səsi yenidən yüksəlir: “Ay dayı, bəsdi də! Yer yoxdur axı, niyə saxlayırsan?! Hara götürürsən?” Amma sürücü heç reaksiya da vermir, sanki bu etirazlar ona yönəlməyib, avtobusa qalxan xanıma yer vermək məcburiyyətində qalan, ön sırada əyləşmiş oğlan üzünü sürücüyə tutur: “Sən demədin ki, birbaş gedəcəksən? Niyə saxlayırsan?!” Sürücü “Xoşun gəlmir, minməzdin” deyir. Gənc adam nə qədər çalışsa da, sürücü öz dediyindən dönmür. “Əşi elə danışırsan, elə bil bilmirsən ki, bura Azərbaycandır. Düşəndə 30 qəpik verərsən sən”, - deyə orta yaşlı yorğun sərnişinlərdən biri dillənir.

Bu an yuxulu gənc əsəbi halda “Əşi bəsdirin də, hamınız 30 qəpikdən verərsiniz, 70 qəpiyinizi mən verəcəm” deyə əsəbiləşir. Gənclər arasında sözləşmə az qalır ki, əlbəyaxa savaşla nəticələnsin. Yumruqlarını sıxan gənclər sıxlıqda bir-birinə şütüsələr də, digər sərnişinlər sakitləşdirirlər. “Bura Azərbaycandır deyə-deyə, bu günə qoymusuz da bizi. Söhbət puldan getmir, sürücünün camaatı aldatmağından gedir”, - deyə başqa bir xanım da yerindən dillənir.

Nəysə ki, əsəbi gənclərdən biri yarıyolda düşüb gedir, yolumuza sakit davam edirik. “Koroğlu”da isə sürücü magistral yolun ortasında saxlayıb ““Koroğlu”da düşənlər burada enə bilər” deyir. “Belə yerdə sərnişin düşürərlər?” etirazına baxmayan sürücü, bir neçə nəfərdən yolpulunu alır, sərnişinlərdən magistral yolda avtobusdan düşüb şütüyən maşınların arasından qaçaraq keçənlər də olur.

Dərdin birini qoyub, birinə keçmiş kimi oluram, amma yenə də deməsəm, olmur. Yerli mətbuatda dəfələrlə “Bakıkart” balansının artırılması ilə bağlı problem işıqlandırılsa da, öz həllini tapmamaqda davam edir. “20 Yanvar” ərazisindəki avtobus dayanacaqlarının demək olar ki, heç birində kartın balansını artırmaq üçün terminal yoxdur. Bunun üçün gərək metroya düşəsən, bu isə bir çox halda uzun yol qət etmək tələb edir ki, bu da həm vaxt, həm də əlavə yorğunluqdur. Axı, onlarla marşrut xəttinin keçdiyi dayanacaqlardan niyə heç olmasa, birində ya ikisində terminal olmasın?!

BNA ya bu problemləri həll etməli, ya da geri çəkilməlidir!

Bu dünyada zamandan və sağlamlıqdan daha dəyərli heç nə yoxdur. Bakı Nəqliyyat Agentliyi (BNA) isə yarıtmaz işi ilə bu nemətlərimizi əlimizdən alır, haqqımıza girir. “Kənardan baxana döyüş asan gəlir”, buna görə ictimai nəqliyyatda bu yorğunluğu, narahatlığı yaşamayanlar, hər gün yaşamaq məcburiyyətində qalan camaatı əsla başa düşə bilməzlər. Camaatımız kifayət qədər anlayışlı, dözümlüdür. İndiki günlərdə isə bu dözümü, anlayışı daha da çox hiss edir, duya bilirik.

Lakin deyəsən, uzun müddətdir ictimai nəqliyyatın problemlərini həll edə bilməyən BNA xalqın səbrini sınamağa davam etməkdə israrlıdır. Özü də belə həssas günlərdə - cəbhədə Vətən uğrunda mübarizə gedən bir vaxtda. Agentlik bilməlidir ki, xalq bu gün bir yumruq olub. O, susursa, dözürsə, milli maraqlar xatirinə dişini sıxır, “bu əziyyətə də dözərik, təki cəbhədən müjdəli xəbərlər eşidək” deyib keçir, güzəştə gedir, ancaq qurum da ya gərək “bu işi birdəfəlik həll edəcəm” deyib konkret həll yolu qoysun, ya da geri çəkilsin. Bu camaatın, sadə insanların bu qədər haqqına girmək olmaz, bunu Tanrı da götürməz!\\ayna.az\\

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ