“Cənubi Qafqazda ilk vaksinasiya prosesi Azərbaycanda başladı” – Deputat


Xəbər verdiyimiz kimi, ötən gün ölkə başçı İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciəti olub və burada bir sıra məsələlər vurğulanıb.

Azərbaycanın peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsini irəli sürməsi, COVAX təşəbbüsünə qoşulması və dəstəkləməsi, həmçinin pandemiya ilə mübarizə sahəsində həm yerli, həm də qlobal səviyyədə işlərin görülməsi kimi məsələlər qeyd edilib.

Digər tərəfdən ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın pandemiya ilə mübarizədə nümunəvi ölkə olduğunu bildirib. ÜST rəsmisi ölkə başçısına müraciət edərək "mən sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikrinizlə razıyam” – , deyə bildirib.

Bununla bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Sfera.az-a açıqlamasında qeyd edib ki, pandemiyanın başlanğıcından etibarən Azərbaycanda da bu istiqamətdə mübarizə tədbirləri həyata keçirilib. Millət vəkilinin sözlərinə görə, bu tədbirlərin həyata keçirilməsinə birbaşa ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva rəhbərlik edib:

"İlk dönəmdə sürətli olaraq modul tipli xəstəxanaların tikilməsi, tibbi maskaların və qoruyucuların istehsalı üçün xüsusi müəssisələrin açılışının edilməsi, xəstəxanaların tək Bakıda deyil, həmçinin regionlarda da fəaliyyətə başlaması demək olar ki, pandemiya ilə mübarizə mühüm rol oynayıb. Bütün bunlarla yanaşı, Azərbaycan yalnız ölkə daxilində deyil, həmçinin Qoşulmama Hərəkatının üzvü olaraq ehtiyacı olan 30-a yaxın ölkəyə humanitar yardım göstərdi. Eyni zamanda tibbi dəstəklə yanaşı, sahibkaralara, dəstəyə ehtiyacı olan vətəndaşlarımıza dəfələrlə birdəfəlik müavinətlər verildi. Hətta öz hesablarına məzuniyyətə çıxsalar da, onların əmək haqları ödənildi. Bütün bunlarla yanaşı, bilirsiniz, ötən dövrdə xüsusi tibb maşınları alındı, xaricdən təcrübəli, bilikli həkimlər məhz pandemiya ilə mübarizədə azərbaycanlı həkimlərə dəstək üçün cəlb edildilər. Onlar da həkimlərimizin təcrübə qazanmasında yaxından iştirak etdilər. Deyə bilərik ki, biz pandemiya ilə mübarizədə ən az itki verən ölkələrdən biriyik, digər dövlətlərlə müqayisədə bizdə vəziyyət çox yaxşı oldu.

Demək olar ki, Cənubi Qafqazda ilk dəfə vaksinasiya prosesi də Azərbaycanda başladı. Yanvar ayından başlayaraq ölkədə peyvəndləmə prosesi həyata keçirilir. Bir milyona yaxın vətəndaş birinci və ya ikinci vaksini vurdurub. Dövlətin səyi nəticəsində, Türkiyənin dəstəyi ilə Çin vaksinlərini ilkin olaraq əldə etdik. Bu da çox düzgün seçim idi. Avropada bəzi ölkələr hələ də vaksinləri əldə etməkdə çətinlik çəkirlər. Biz yalnız bir ölkənin istehsal etdiyi vaksinləri deyil, həmçinin digər şirkətlərin istehsal etdiyi vaksinlərin Azərbaycana gətirilməsinə nail olmuşuq”.

Deputat həmçinin Azərbaycanın peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsinin irəli sürülməsi, COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olmasından da söz açıb:

"Təəssüf ki, vaksinlərin paylanmasında ikili standartlara yol verilir və bununla bağlı Azərbaycanda da haqlı etirazlar oldu. Tək Azərbaycanda deyil, digər ölkələrdə də bu istiqamətdə narazılıqlar mövcuddur. Azərbaycanın ilk gündən Ümumi Səhiyyə Təşkilatını və COVAX hərəkatını dəstəkləməsinə baxmayaraq , onların ikili standartı təbii ki, biz tərəfdən heç də müsbət qarşılana bilməzdi. Bilirsiniz ki, artıq 450 minə yaxın vaksin ölkəmizə gətirilib. Bu onu göstərir ki, COVAX öz fəaliyyətində dəyişiklik etmək məcburiyyətində qaldı, səhvini düzəltdi.

Digər tərəfdən bilirsiniz ki, BMT-də pandemiya ilə birgə mübarizə ilə əlaqədar prezident İlham Əliyev təkliflə çıxış etmiş, 130 ölkə onu dəstəkləmişdi. İndi də məhz "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamənin imzalanmasında Azərbaycanın rolu böyük və əvəzsizdir. Bir sözlə, Azərbaycan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, demək olar ki, BMT-də əsas aparıcı dövlətlərdən birinə çevrilib. O cümlədən ölkə başçısının təşəbbüsləri, təklifləri dünya liderləri tərəfindən müsbət qarşılanır və dəstəklənir. Ümumilikdə isə bir daha qeyd edirəm ki, Azərbaycanda vaksinasiya prosesi, pandemiya ilə mübarizə məsələsi çox nümunəvi və yaxşı formada təşkil olunub. Dünya üzrə məhz pandemiya ilə mübarizədə ən yaxşı ölkələr sırasında Azərbaycan ilk 20-liyə daxil olur. Xüsusilə maskaların istifadəsindəki məsuliyyətə görə ölkəmiz ön sıralardadır. Düşünürəm ki, dövlətin və Xüsusi Operativ Qərargahın təlimatları, qaydalarına əməl edəcəyimiz təqdirdə, müəyyən qadağalar, vaxt limiti ilə normal həyatımıza qayıda biləcəyik”.

  • Sosial şəbəkədə paylaş