İƏT nümayəndələrinin səfərinin böyük əhəmiyyəti var – Deputat



“Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Ağdama və Gəncəyə səfər etməsinin böyük əhəmiyyətinin olduğunu düşünürəm”.

Bunu Publika.az-a açıqlamasında Azər Badamov deyib. Millət vəkili qeyd edib ki, nümayəndələr səfər çərçivəsində həm müharibə dövründə dinc əhalimizin yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş raketlərin atıldığının, həm də torpaqlarımız işğal olunduğu dövrdə ermənilərin törətdikləri vəhşiliklərin, vandallığın canlı şahidi olacaqlar:


“Bu dağılmış xarabalıqları görən hər bir şəxsdə ermənilərin niyyəti haqqında fikirlər formalaşır. Onlar görəcəklər ki, ermənilərin vəhşilikləri və cinayətləri təkcə azərbaycanlılara qarşı olmayıb. Azad olunmuş ərazilərimizdəki 67 məsciddən 65-i yerlə-yeksan edilib, 2-si isə dağılmış vəziyyətdə, heyvanların otarıldığı yer kimi istifadə olunaraq qalmaqdadır”.

Deputatın sözlərinə görə, məscidlər ancaq azərbaycanlıların dini inanc və ibadət yerləri deyil: “Məscid Allahın evi hesab edilir. Bütün müsəlman dünyasının ibadət yeri sayılır. Ermənilərin bu vandallıqları İslam dininə olan münasibətin təzahürüdür. İƏT Təmas Qrupunun nümayəndələri bir daha əmin olacaqlar ki, Azərbaycanla bağlı bu təşkilat tərəfdən qəbul olunmuş qətnamə və qərarlar vacib olub. Viran edilmiş ərazilərimizi görən nümayəndələr bundan sonra da dünya ictimaiyyətini ədalətli mövqe sərgiləməyə və Azərbaycanın ədalətli haqqını müdafiə etməyə çağıracaqlar”.

  • Sosial şəbəkədə paylaş