Afət Fərmanqızı: “Toya getməyə ehtiyacım da yoxdur”

“Onu Xatirədən qabaq mən demişdim”

Tanınmış ifaçı Afət Fərmanqızı Moderator.az-ın suallarını cavablandırdı. O, bizimlə söhbətində Nizami Gəncəvinin qəzəlinə yeni mahnı hazırladığını və onu təqdim etmək üçün uyğun zamanı gözlədiyini bildirdi.

- Bir neçə həftədir ki, gündəmin əsas mövzusu kimi Xatirə İslamın “Efirə çıxırıqsa bizə ödəniş edilməlidir” fikri müzakirə edilir. Siz necə düşünürsünüz?

-Xatirə İslamın fikirlərinə hörmətim var. Mən efirə çıxmaq üçün telekanaldan indi deyil, çoxdan pul istəmişəm. Xatirə İslam efirə çıxmaq üçün ödəniş etmək lazım olduğunu indi səsləndirib. Mən onu 3-4 il bundan öncə, oxumağa ikinci dəfə qayıtdıqda səsləndirmişdim.
Bir-iki kanal var ki, onların efirinə çıxdıqdan sonra düşündüm ki, o verilişlərdə nəinki iştirak etmək, onlardan pul almaq lazımdır. Məsələnin texniki tərəfləri var. Misal üçün həmin verilişin işıqları 80-ci illərdən qalıb. Əgər çəkim 60-65 kilo çivarındadırsa orada 80-85 kiloda görünürəm. Bəzən elə olub ki, qeyri-peşəkar aparıcılar məni verilişə dəvət edib, ancaq sual verə bilməyiblər. Vaxt itkisi olmasın deyə o verilişlərə getmirəm. Məni hansı verilişlərdə görürsünüzə həmin layihələrdə sevərək iştirak edirəm. Demək ki, həmin aparıcılara hörmətim var ki, gedirəm. Veriliş yaxşıdırsa və əgər aparıcı mənim ürəyimcə deyilsə o efirə çıxmıram. Yaxud da aparıcı yaxşıdır, verilişin mövzusu mənlik deyilsə deyirəm ki, inciməyin verilişin mövzusu mənə uyğun olduqda gələrəm.

-Nizami Gəncəvinin qəzəlinə həsr etdiyiniz mahnınızın olduğunu qeyd etmişdiniz. O mahnını niyə təqdim etmədiniz?

- Qeyd etmişdim və Nizami Gəncəvinin qəzəlinə hazırlanan mahnını da oxumuşam. Pandemiya daxil olandan 6 mahnı, 2 klip təqdim etmişəm. Onların da hamısına qoyulan xərcin hamısı itib-batdı. Mən də pulu əziyyətlə qazanmışam. İndi də nə mahnı ifa etsəm onunsuz da tutmayacaq. Tutaq ki, Nizaminin qəzəlinə hazırladığım mahnını indi təqdim etdim, “Youtube”-da milyonlarca baxış sayı topladı. Onun bəhrəsini görmürəmsə həmin mahnını niyə təqdim edim? Bircə onu deyə bilərəm ki, Nizaminin gözəl bir qəzəlinə Cənubi Azərbaycan musiqisi ilə hazırlanan maraqlı bir mahnım var. Zamanı gəldikdə təqdim edəcəyəm.

-Hazırda karantin günləri elan olunsa da xınayaxdılar, toy məclisləri az insan sayı ilə də olsa keçirilir. Siz o məclislərdə iştirak edirsinizmi?

- İstər Azərbaycanda, istərsə də Rusiyada keçirilən məclislərə dəvət alıram. Ancaq mən o məclislərdə iştirak etmirəm. Açığını desəm toya getməyə ehtiyacım da yoxdur. Hamı bilir ki, mən özüm üçün oxuyuram. Xalq sağ olsun, sayıb, hörmət edib məni xoş günlərində, məclislərində görmək üçün dəvət edir. Nə zaman pandemiya bitər, o zaman da toylara gedərəm. Amma qanundan kənar heç bir addım atmıram.

-Yazar Kəramət Böyükçölə ismarıc göndərmişdiniz və müəyyən müddətdən sonra onun kitabını alaraq foto çəkdirdiniz. Hazırda münasibətiniz necədir və aldığınız kitabı oxumusunuzmu?

- Açığı Kəramət Böyükçöllə indiyə qədər heç bir salamımız olmamışdı. Efirdə onun çıxışlarını dinlədikdə hər dəfə diqqətimi çəkirdi. Sosial şəbəkədə müəllifi olduğu kitabları özü satdığını və hər dəfə nə qədər kitab satdığını qeyd edirdi. Mən də zaman-zaman onun yazdığı köşələri oxuyur, bəyənirdim. Bu düşüncəyə, təfəkkürə malik olan savadlı yazarımız öz kitabını satırsa həm dəstək nöqteyi nəzərindən, həm də özünü görmək üçün onun kitabını almağa getdim. Bu həm də reklam xarakteri daşıyırdı. O, “Facebook”da çox aktivdir, ancaq “İnstagram”da yoxdur. Düşündüm ki, onunla şəkil paylaşım, onu reklam edim ki, bəlkə daha çox oxucu kitabını aldı. Kəramət Böyükçölün kitabın üçdə birini oxumuşam. Zamanı olduqca oxuyuram. Onun yazdığı köşə yazılarının hər biri bir romandır. Kərəmət Böyükçöl mənim üçün dəyərli yazıçıdır.

  • Sosial şəbəkədə paylaş