Prezidentin sərəncamı var, amma: “Gecəqondu”lar yaxşı qazanc mənbəyidir - NƏ ETMƏLİ?


13 aprel 2021-ci ildə Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafa qanunsuz tikilmiş evlərlə problemin həll olunmasının vacibliyini bildirdi. Onun sözlərinə görə, insanlar sosial şərtlərə görə bölgələrdəki evlərini tərk edirlər: “Bölgələrdə belə şərait yaratmaq lazımdır ki, insanlar orada yaşasınlar. Bakı Sulutəpədən başlayaraq bütün giriş və çıxışlarda gecəqondularla doludur. Bu situasiyanı dəyişdirmək lazımdır”.

Xatırlatmaq istərdik ki, qanunsuz tikililər və ya xalqın dediyi kimi "naxalstroy" (və ya “gecəqondu”) Azərbaycanda ilk dəfə ötən əsrin ortalarında meydana gəlib. Sənayenin sürətli böyüməsi işçilərin kəndlərdən çıxmasına səbəb oldu və bu da Bakıdakı mənzil probleminin kəskinləşməsinə səbəb oldu.

İşçilər bir mənzil üçün on illərlə növbə çəkməli idilər. Bəziləri gözləməkdən bezdi və tapdığı az-çox uyğun yerdə öz evlərini tikdi. Bu evlər heç bir yerdə qeydiyyata alınmamışdı və bu səbəbdən də orada yaşayan insanların mülkiyyəti hesab edilmir. Yasamaldan başlayaraq bu cür evlər Bakının demək olar ki, bütün rayonlarının ərazisində, xüsusən də Bayıl, Zabrat, Sabunçu qəsəbələrində və “20-ci sahə” olaraq bilinən ərazilərdə meydana gəlib.

Xatırladaq ki, 9 mart 2011-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) keçirilən, paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev “Mənzil hüquqlarının qeydiyyatı üçün şəffaf bir mexanizmin tətbiqi haqqında” sərəncam verdi. İclasda dövlət başçısı evlərin qeydiyyatı ilə bağlı problemdən xəbərdar olduğunu bildirdi: “Qeydiyyat qanuna tam uyğun olmalıdır və qanunsuz tikinti praktikasının davam etməsinə şərait yaratmamalıdır”.

Evlərin qeydiyyatı məsələsini BŞİH-in o zamankı başçısı Hacıbala Abutalıbov qaldırmışdı. Sonuncu dəfə Bakıda qanunsuz tikilmiş evlərin leqallaşdırılması XX əsrin 40-cı illərinin sonunda həyata keçirilib.

28 mart 2011-ci il tarixdə bir sıra KİV-lər Bakıda “Mənzil hüquqlarının qeydiyyata alınmasına dair şəffaf mexanizm”in tətbiqinə başlanıldığını tirajlamışdı. Bu KİV-lərin verdiyi məlumata görə, Bakı rayon bələdiyyələrinin işçiləri qeydiyyat sənədləri natamam olan evlərin faktiki sakinlərinin siyahılarını dəqiqləşdirməyə başlayıblar. Həmin xəbərlərə əsasən, bu cür ev və sahələrin həqiqi sahiblərinin bir çoxunun “kupça” da daxil olmaqla, onlar üçün tam sənədlər paketi alacağı gözlənilirdi.

Bu sərəncamdan 10 il ötür. Niyə Prezidentin “Mənzil hüquqlarının qeydiyyata alınmasının dair şəffaf mexanizm”in tətbiq edilməsi barədə sərəncamına baxmayaraq, qanunsuz tikilən evlərin sakinləri hələ də mülkiyyətlərini təsdiqləyən sənədləri ala bilmirlər?

AYNA suala cavab axtarıb.

Xətai Rayon İcra Hakimiyyətinin (RİH) baş memarı Əhməd Məmmədovun sözlərinə görə, icra hakimiyyəti qanunsuz tikilmiş evlərdə yaşayanların qeydiyyat üçün sənədlərini qəbul etmir: “Ona görə ki, onların mülkiyyət hüquqlarını qeydiyyata alma qərarı mövcud deyil”.

Yasamal RİH-in İqtisadiyyat şöbəsinin məsləhətçisi Orxan Məmmədov da qanunsuz tikililərin qeydiyyatı barədə qərarın olmadığını təsdiqlədi.

Deputat Fazil Mustafanın sözlərinə görə, bəzi məmurlar 10 ildir Prezidentin sərəncamına məhəl qoymurlar: “Bu, vətəndaşların uzun illərdir tikdikləri evlərə mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmələrinin qarşısını aldı”.

Maraqlıdır ki, “naxalstroy”ların bütün sakinləri çoxdan qaz, su, elektrik enerjisi xətləri çəkdirib və sayğaclara görə ödəmələr edirlər. 20-ci əsrin 70-ci illərində tikilmiş bu evlər hələ də qanunsuz sayılırsa, indi belə çıxır ki, onların əmlaklarını qəsdən qeydiyyata almamaqla dövlət qanunsuz evlərin sakinlərindən pul qazanır.

Axı, vəkil Fuad Ağayevin dediyi kimi, “Bir şəxs səlahiyyətlilərin səssiz razılığı ilə bir ev tikib, orada qaz, işıq və su xətləri çəkibsə, o zaman Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququ baxımından, bu daşınmaz əmlak onun əmlakı olaraq qəbul edilir”.

Xətai və Yasamal RİH nümayəndələrinin sözlərinə gəlincə, dövlət başçısının sərəncam verməsi və məmurların, konkret olaraq Hacıbala Abutalıbovun bu sərəncamın sənədləşdirilməsinə əhəmiyyət verməməsi çox qəribədir. Digər tərəfdən, heç bir qərar olmayıbsa, 2011-ci ildən başlayaraq bələdiyyələr və rayon icra hakimiyyətləri hansı əsasla sənəd toplayaraq “gecəqondu” sakinlərinin siyahılarını dəqiqləşdirirdilər?

Bu vəziyyətdə cavablardan daha çox sual var. Məsələn, belə bir çətin anda alqı-satqı (kupça) sənədlərinin çıxarılması üçün dövlət rüsumlarından büdcəyə əlavə vəsait gətirə biləcək bu prosesə məmurlar niyə mane olurlar?

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ