Bayden erməni yalanını tanıyacaqmı?


Co Bayden qondarma erməni soyqırımını tanıyan ilk ABŞ prezident kimi tarixə düşəcəkmi? Bu məsələ hazırda tək Türkiyəni sevənləri deyil, onun qüdrətinə, dünyada artan gücündən narahatçılıq keçirənləri düşündürən əsas məsələlərdən biridir. Aprelin 24-də demokrat prezidentin dilinə gətirəcəyi ifadə Türkiyə ilə ABŞ arasında münasibətləri kökündən dəyişə bilər. Həm müsbət, həm də mənfi mənada.

Düzdür, Türkiyə mediası Ağ Evdəki mənbələrinə istinadən bir neçə dəfə bu məsələnin Ankarının əleyhinə həll olunacağını irəli sürüb. Və proseslərin gedişi də bu qənaəti gücləndirir. Elə Co Baydenin özü də prezident seçilməmişdən öncə verdiyi vədlərdə bu məsələni müsbət həll edəcəyini bildirmişdi. Prezident seçiləndən sonra da bir dəfə də olsun Türkiyə prezidenti ilə əlaqə saxlamaması bu ehtimalı gücləndirir. Lakin nəzərə alaq ki, Baydendən əvvəl seçilən Prezidentlər də qondarma soyqırımı tanıyacağı vədini verib. Ermənilərdən istifadə etdikdən sonra isə bu vədi sadəcə unudub, "soyqırımı" əvəzinə, sadəcə "böyük faciə" kəlməsini işlətməyə üstünlük veriblər. Lakin bu dəfə vəziyyət bir qədər fərqlidir. Belə ki, ABŞ qanunvericiləri, daha dəqiq ifadə etsək, erməni lobbisinin təsiri altında olanlar Baydendən bu məsələnin ermənilərin xeyrinə müsbət həll etmək barədə müraciət ediblər.

Bütün bunlarla yanaşı, Baydenin onların sözünə baxıb ermənilərin qondarma soyqırımını tanıyacağı inandırıcı görünmür. Özü də bölgədə indiki kimi mürəkkəb bir durumda. Bayden "soyqırımı" tanıyan ilk prezident kimi tarixə düşməklə Türkiyəni birdəfəlik itirmiş olacaq. Bu şəksizdir. Və inanmaq olar ki, ABŞ prezidenti erməni yalanına uymayacaq. Daha çox ABŞ maraqlarından irəli gələrək addım atacaq. Türkiyə kimi tək bölgədə deyil, regionda söz sahibi olan bir dövləti özündən uzaqlaşdırmaq sadəcə ağılsızlıq olar. Bu addım NATO üzvü olan bir dövlətin ondan uzaqlaşıb Rusiya və Çin kimi dövlətlərlə yaxınlaşmasına gətirib çıxaracaq. Bu isə Birləşmiş Ştatlara sərf etməz. Bir məsələ də var ki, Baydenin dilindən hansı kəlmənin çıxmasına baxmayaraq, tarixi həqiqət deyilən bir məsələ var - o da Türkiyənin haqlı olmasıdır. Rəsmi Ankara dəfələrlə bu məsələnin araşdırılmasını təklif edib, hətta arxivlərini açmağa razı olub. Erməni tərəfi bu fakt qarşılığında hər hansı bir arqument ortaya qoymaqda aciz qalıb. Bunu ABŞ-ın prezidenti Co Bayden də də bilməmiş deyil.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ