Küləkli hava neftçilərin işinə necə təsir edib? - AÇIQLAMA

Küləkli hava neftçilərin işinə necə təsir edib? - AÇIQLAMA

Hava şəraitinin kəskinləşməsi ilə bağlı bədbəxt hadisələrin qarşısını almaq üçün, bir qayda olaraq, qabaqlayıcı tədbirlər görülür.

Bunu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, şiddətli külək müşahidə olunduğu zaman açıq səthlərdə aparılan işlər dayandırılır:

“Dünən həm də 70 əməkdaşımız dənizdəki iş yerlərindən müvəqqəti çıxarılıb. Hazırkı məlumata görə, dünəndən etibarən müşahidə olunan kəskin hava şəraiti nəticəsində əməkdaşlarımıza hər hansı ziyan dəyməyib. Digər tərəfdən, təhlükəsizlik şəraitinin uzunmüddətli gücləndirilməsi üçün bütün dəniz obyektlərində daim təmir-bərpa işləri aparılır, platformaların dayaqları bərkidilir və onların istismar müddəti artırılır”.

O bildirib ki, əməkdaşların fərdi təhlükəsizlik qaydalarına daha dəqiq riayət etməsi üçün son dövrlərdə nəzarət gücləndirilib və əməyin mühafizəsi üzrə nəzarəti daha effektli şəkildə təmin edən struktur bölmələri yaradılıb:

“Görülən uzunmüddətli işlərin nəticəsidir ki, son dövrlərdə hava şəraiti kəskinləşəndə nisbətən az sayda işçilərin təxliyəsinə ehtiyac yaranır. Bəzi hallarda isə, hava şəraiti şiddətlənəndə belə təxliyə üçün ehtiyac yaranmır. Görülən uzunmüddətli və qısamüddətli qabaqlayıcı tədbirlər hasilatla bağlı əməliyyatların davam etdirilməsi və hasilat tempinin sabit saxlanılması üçün şərait yaradır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 21:00-a olan məlumatına əsasən, küləyin maksimal sürəti Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 32 m/s, Pirallahıda 30 m/s, Binədə 28 m/s, Neft Daşları, Çilov adasında 29 m/s, Ələt, Sumqayıtda 23 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,4 metrə çatıb.

Küləkli hava şəraitinin noyabrın 12-dək davam edəcəyi bildirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ