Aydan Rəşidova: “Azərbaycan bölgədə söz sahibi olmaqla qarşılıqlı əməkdaşlığa töhfə verməkdədir”

Rəşidova Aydan Cəmaləddin qızı
YAP Səbail rayon Gənclər Birliyinin mətbuat katibi

AZƏRBAYCAN BÖLGƏDƏ SÖZ SAHİBİ OLMAQLA QARŞILIQLI ƏMƏKDAŞLIĞA TÖHFƏ VERMƏKDƏDİR

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 13 aprel tarixində baş tutmuş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusuna həsr edilmiş beynəlxalq konfransın iştirakçıları ilə görüşü regionun gələcəyinə, inkişaf perspektivlərinə, qonşularla münasibətlərə və digər aktual məsələlərə dair səsləndirdiyi fikirlər ekspertlərin, politoloqların, sosial şəbəkələrin, xüsusilə xarici medianın diqqət mərkəzində oldu. İşğal altında olan ərazilərimiz hər zaman yerli və xarici gündəliklərimizdə əsas yer tutan məsələlərdən biri olub. Belə ki, düşmənin 30 ilə yaxın müddət ərzində davam edən özbaşınalıqları, habelə işğalla yanaşı, müxtəlif vaxtlarda həyata keçirdiyi təxribatlar barədə həqiqətlərin dünyaya çatdırılması daim bizim üçün prioritet məsələ olmuşdur. Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladığı dövrdə həm sözdə, həm də əməldə təxribatlar törədir, qəsbkar siyasət yürüdür, külli miqdarda silah və sursat tədarük edir, qüvvələrini təmas xətti boyunca cəmləşdirirdi. Bununla da düşmən ölkə regiondakı gərginliyin ciddi şəkildə artmasına bilərəkdən şərait yaradır, eyni zamanda, işğalçı mövqeyindən çəkilmədiyini, terrorçu dövlət olduğunu təsdiqləyirdi.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfinin müharibə dövründə mülki əhalimizin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutması, Gəncə şəhərinə ballistik raketlərin atılması Ermənistanın əsl simasını dünyaya bir daha nümayiş etdirdi. Ballistik silahlardan mülki əhaliyə qarşı qəddarcasına istifadə edilməsi Ermənistanın təcavüzkar xislətinin bariz nümunəsidir. Ermənistan silahlı qüvvələri hətta yas mərasiminə belə hücum etməkdən çəkinməyib. Onların istifadə etdiyi “İsgəndər-M” raketi ilə bağlı məsələ isə hazırda da gündəmdədir. Azərbaycan dövləti olaraq bu gün Ermənistandan bu silahların haradan və necə əldə etdikləri barədə rəsmi cavab tələb edirik. Bununla yanaşı, müharibə vaxtı Ermənistan ordusunun dünyanın əhəmiyyətli qlobal enerji layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini, habelə Səngəçal terminalını raket atəşinə tutmaq istəyi, başqa sözlə, buna cəhd göstərməsi işğalçının beynəlxalq aləmə saymaz münasibətindən xəbər verirdi. Bu, həmçinin regionda böyük təhlükə mənbəyinin mövcudluğunun, düşmənin terrorçuluğa xüsusi diqqət ayırmasının göstəricisi idi. Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışında bununla bağlı bildirdiyi kimi: “Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi. Onlar bundan sonra nə etdilər? Dedilər ki, bu, onlar deyil. Ermənistan rəsmiləri bildirdilər ki, bunları edən ermənilər deyil. Onda kim bunu etdi? Kim? Biz özümüz? Siz yəqin bilirsiniz ki, onlar Xocalı soyqırımının günahını da bizim üzərimizə atmaq istəyirdilər. Onlar belə hekayələr uydurur, beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdılar ki, azərbaycanlılar özləri günahsız insanları qətlə yetiriblər. Onlar “Toçka U” və “Elbrus” raketləri ilə də eynisini etdilər”.

Vətən müharibəsində qazanılan qələbə artıq bu gün ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Azərbaycan dövlətinin regionda əməkdaşlıq yaratmağı beynəlxalq uğurudur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır. Əks halda, onlar üçün çox pis olacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistanla əməkdaşlıq körpülərin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir. Azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən hər hansı mesaj almamışıq.

Şübhəsiz ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra dövlətimizin əsas amalı sülhün dəstəklənməsi məqsədilə konstruktiv mövqeyin nümayiş etdirilməsidir. Azərbaycanlılar və ermənilər arasında münasibətlərin qurulması qarşılıqlı istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Eyni zamanda, müharibədən sonra ölkəmiz əməkdaşlığın və sülhün tərəfində olduğunu bir daha diqqətə çatdıraraq, yalnız Ermənistanla deyil, digər ölkələrlə münasibətlərin müsbət dinamikada inkişafının zəruriliyini bildirmişdir. Ermənistan tərəfi də bu əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirməli və buna səy göstərməlidir. Belə ki, qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrin inkişafına xüsusi diqqət ayrılmalıdır. Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz var. Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Bizim okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub. Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar artıq işlərə başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var. Bir sözlə, regional inkişaf baxımından yeni imkanlar yaranmışdır.

Göründüyü kimi, Azərbaycan həmişə regionda sülhün və əmin-amanlığın daim bərqərar olmasına çalışan dövlət olub, habelə, bölgədə söz sahibi olmaqla, qarşılıqlı əməkdaşlığa töhfə verməkdədir.



Aydan Rəşidova: “Azərbaycan bölgədə söz sahibi olmaqla qarşılıqlı əməkdaşlığa töhfə verməkdədir”
Aydan Rəşidova: “Azərbaycan bölgədə söz sahibi olmaqla qarşılıqlı əməkdaşlığa töhfə verməkdədir”
Aydan Rəşidova: “Azərbaycan bölgədə söz sahibi olmaqla qarşılıqlı əməkdaşlığa töhfə verməkdədir”
Aydan Rəşidova: “Azərbaycan bölgədə söz sahibi olmaqla qarşılıqlı əməkdaşlığa töhfə verməkdədir”
Aydan Rəşidova: “Azərbaycan bölgədə söz sahibi olmaqla qarşılıqlı əməkdaşlığa töhfə verməkdədir”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ